DRRESTART EDU

DR.RESTART_EDU

Qəbul aparılan bəzi klinik bazaların tutumu və işləri haqqında ətraflı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (bundan sonra – mərkəz) stasionar və ambulator müalicə üçün beynəlxalq standartlara cavab verən müasir diaqnostik və cərrahiyyə avadanlıqları ilə təchiz olunmuş maddi-texniki bazaya malikdir. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər.

195 Çarpayı Sayı
78 Elmi İşçi
3 Filial (Masallı, Gəncə, Şəki)
Fəaliyyət Göstərən Şöbələr

Mərkəzdə “Konsultativ poliklinika”, “Qlaukoma”, “Katarakta cərrahiyyəsi”, “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası”, “Eksimer-lazer”, “Gözün yoluxucu xəstəlikləri”, “Uşaqlarda gözün patologiyası”, “Tor qişanın və görmə sinirinin patologiyası”, “Şəkərli diabetin göz fəsadları”, “Gözün vitreoretinal cərrahiyyəsi”, “Lazer cərrahiyyəsi”, “Gözün zədəsi”, “Okuloplastik və rekonstruktiv cərrahiyyə”, “Onko-oftalmoloji”, “Cərrahiyyə-əməliyyat bloku”, “Şüa diaqnostikası”, “Gözün tibbi ekspertizası” şöbələri fəaliyyət göstərir. Mərkəzdə stasionar və ambulator müalicə üçün nəzərdə tutulmuş oftalmoloji cihazlarla təmin olunmuş maddi-texniki baza mövcuddur.

Mərkəzin nəzdində həmçinin 2 səyyar klinika (avtomobil və dəmir yolu) mövcuddur. Fəaliyyət göstərən 78 elmi işçidən 52 nəfəri elmi dərəcəsi və elmi adı olan mütəxəssisdir.

Rezidentura Təhsili: Mərkəzin rezidentlər üçün yaradılmış xüsusi təhsil otaqları, təhsil dövründə istifadə edə biləcəkləri “Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriyası (WETLAB)” bölməsi mövcuddur, həmçinin rezidentlərin tədris planlarına uyğun növbə qrafikləri, onlara təyin edilmiş kuratorlarla birgə 3 illik oftalmoloji fəaliyyət təşkil edilmişdir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı (bundan sonra – hospital) 25 dekabr 2008-ci il tarixində fəaliyyətə başlamışdır.

300+ Peşəkar Kadr
4000+ Tibbi Xidmət Növü
69 Rezident

Hospitalda 74 stasionar çarpayı sayı ilə xəstələrə tibbi xidmət göstərilir, mürəkkəb əməliyyatlar (uroloji rekonstruktiv, canlı donordan və meyit donordan xəstəyə qaraciyər və böyrək transplantasiyası, travmatoloji əməliyyatlar, ağır xəstələrdə ürəkdə aortokoronar şuntlama və digər açıq ürək əməliyyatları, TAVİ, EVAR kimi invaziv müdaxilələr və digər əməliyyatlar) icra olunur.

Şöbələr və Xidmətlər

Hospitalın Ümumi Cərrahiyyə, Orqan Transplantasiyası, Anesteziologiya, Əməliyyatxana və Reanimasiya, Urologiya, Uşaq Cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ürək-damar Cərrahiyyəsi, Kardiologiya, Efferent Terapiya, Mamalıq-ginekologiya, Radiologiya, Fizioterapiya, Neonatologiya və Pediatriya, Təcili Tibbi Yardım, Poliklinika və digər şöbələrində yüksəkixtisaslı tibb heyəti xidmət göstərir.

Poliklinika şöbəsində: Damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi, neyrocərrahiyyə, uroloji, nefroloji, travmatoloji və digər ambulator cərrahiyyə, stomatoloji, dermatoveneroloji, toksikoloji, endokrinoloji, qastroenteroloji, nevroloji, oftalmoloji, otorinolarinqoloji, pediatrik, psixiatrik və digər terapevtik tibbi xidmətlər göstərilir.

Laboratoriya və Diaqnostika

Hospitalın laboratoriyasında müasir, tam avtomatlaşdırılmış analizatorlar istifadə olunmaqla, biokimyəvi, PZR, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr aparılır. Patomorfologiya şöbəsində isə histoloji, histokimyəvi, immunohistokimyəvi və immunofluoresens üsulları ilə dəqiq diaqnostik tədqiqatlar həyata keçirilir. Radiologiya şöbəsində 2 MRT cihazı, rəqəmsal rentgen, kompüter tomoqrafiyası, USM və digər qabaqcıl diaqnostik avadanlıqlar mövcuddur.

Elmi-Təcrübi, Tədris və Beynəlxalq Əlaqələr

Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Demiroğlu Bilim Universiteti, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Ə.Əliyev adına ADHTİ və digər qurumlarla imzalanmış memorandumlar çərçivəsində beynəlxalq konfranslar, təkmilləşdirmə kursları, müştərək elmi-tədqiqat və təcrübə proqramları həyata keçirilir. Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı ilə əməkdaşlıq rezidentlərə xaricdə təcrübə keçmək imkanı yaradır.

Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə 2019-2025-ci illər ərzində 219 tədbir həyata keçirilmişdir. Son 3 ildə 3 metodik vəsait hazırlanmış və təsdiq olunmuşdur (əlavə 1 vəsait təsdiq gözləyir).

Gələcək Planlar və Rezidentura: Hospitalın yeni korpusu 2025-ci ilin sonuna qədər istifadəyə verilərək “Ana və Uşaq Sağlamlıq Mərkəzi” kimi (çarpayı sayı 100-dən çox) fəaliyyət göstərəcək. Hazırda hospitalda 69 rezident müxtəlif ixtisaslar üzrə təhsil alır. Rezidentlər xəstələrin diaqnostikası, müalicəsi və kompleks tibbi qərarların qəbulunda fəal iştirak edirlər. Xüsusi kadr heyətinə 1 akademik, 2 əməkdar həkim, 1 səhiyyə əlaçısı, 3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 1 dosent, 3 doktorant və Türkiyədə uzmanlıq almış 19 həkim daxildir.

Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2011-ci ildən Travmatologiya və Ortopediya ixtisası üzrə rezident qəbulu həyata keçirilir. Bu dövr ərzində 200-dən çox rezident travmatoloq və ortoped ixtisasına yiyələnib.

162 Çarpayı Sayı
5 Klinik Şöbə
200+ Məzun Rezident
Şöbələr və Kadr Potensialı

Klinik Şöbələr: Travmatologiya şöbəsi, Ortopediya şöbəsi, Əl Cərrahiyəsi və Yaralar şöbəsi, Uşaq Travmatologiya və Ortopediya şöbəsi, Artroplastika və Artroskopiya şöbəsi.

Kadrlar: İnstitutda 1 professor, 6 tibb elmləri doktoru, 5 dosent, 17 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəli həkim-mütəxəssis fəaliyyət göstərir.

Rezidentura Təhsili: Rezidentlərə kurator kimi elmi dərəcəli həkim-mütəxəssislər təyin olunur. Təhsil müddətində rezidentlər rotasiyalara göndərilir, aylıq gecə növbələri də daxil olmaqla xəstələrin müayinə və müalicəsində, cərrahi əməliyyatlarda nəzarətli və daha sonra sərbəst iştirak edirlər. Hər il konfranslar, seminarlar təşkil olunur və rezidentlər elmi praktik jurnal üçün məqalələrin hazırlanmasında iştirak edirlər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu mütəxəssis kadr potensialı ilə xüsusi seçilir.

122 Çarpayı Sayı
5 Elmlər Doktoru
22 Fəlsəfə Doktoru
Kadr Potensialının Detalları
  • Tibb elmləri doktoru: 5 nəfər (1 pediatriya, 4 mamalıq və ginekologiya)
  • Professor: 1 nəfər (mamalıq və ginekologiya)
  • Tibb üzrə fəlsəfə doktoru: 22 nəfər (3 pediatriya, 1 cərrahiyə, 1 andrologiya, 18 mamalıq və ginekologiya)
  • Dosent: 9 nəfər (3 pediatriya, 6 mamalıq və ginekologiya)

Respublika Neyrocərrahiyyə Xəstəxanası

Respublika Neyrocərrahiyyə Xəstəxanasının klinik baza kimi fəaliyyəti yüksək standartlara cavab verir:

  • Əməliyat otaqları müasir avadanlıqlarla təchiz olunmuşdur;
  • MRT cihazı ilə təhciz edilmişdir;
  • Tibbi və tədris məqsədli konfrans zalı mövcuddur;
  • Mövcud çarpayı sayı 160-dır;
  • Əməkdaşların rezidentlərlə iş təcrübəsi mövcuddur;
  • Hazırda klinik bazada elmi dərəcəsi olan iki əməkdaş fəaliyyət göstərir.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – mərkəz) Hematologiya və Talassemiya bölmələrindən ibarətdir.

639 Ümumi Kadr Sayı
32 Elmi İşçi
Hematologiya Bölməsi
  • 10 çarpayıdan ibarət Reanimasiya və İntensiv Terapiya şöbəsi
  • 35 çarpayıdan ibarət Onkohematologiya şöbəsi
  • 23 çarpayıdan ibarət Pediatrik hematologiya şöbəsi
  • 28 çarpayıdan ibarət Hematologiya şöbəsi
  • Təcili tibbi yardım şöbəsi
  • Bioinformatika və statistika şöbəsi
  • Əczaçılıq xidmətləri şöbəsi
  • Şüa diaqnostika şöbəsi (rentgen, KT, USM)
  • Klinik diaqnostik laboratoriya şöbəsi: Hematologiya və hemostaz, Biokimya, Patohistologiya, Tibbi genetika, Talassemiyanın profilaktikası, İmmunologiya, Mikrobiologiya bölmələri.
  • Terapevtik Xidmətlər şöbəsi: Konsultativ xidmətlər bölməsi, Pediatrik xidmətlər bölməsi.
Talassemiya Bölməsi
  • Klinik diaqnostik laboratoriya bölməsi
  • 30 çarpayıdan ibarət Pediatrik xidmətlər şöbəsi (Reanimasiya və intensiv terapiya bölməsi)
  • Terapevtik xidmətlər şöbəsi
  • Şüa diaqnostika bölməsi (rentgen, USM)
  • 5 çarpayıdan ibarət Sümük iliyi transplantasiyası şöbəsi
  • Təşkili metodiki bölmə
  • Əczaçılıq bölməsi
  • Transfuziologiya şöbəsi
Elmi Potensial və Rezidentura: Mərkəzdə 32 elmi işçi çalışır (16 böyük elmi işçi, 15 kiçik elmi işçi, 4 tibb elmləri doktoru, 7 tibb üzrə fəlsəfə doktoru, 2 biologiya üzrə fəlsəfə doktoru). Rezidentura təhsili alan həkimlərin hematologiya və həkim laborant ixtisasları üzrə dərin biliklərə yiyələnməsi, praktiki bacarıqlarının artırılması və bu sahədə mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılmışdır.